CƏMİYYƏT


Yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib

1 saylı Kliniki Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib. Həkim müşahidəsinə götürülənlər İran İslam Respublikası vətəndaşlarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, 19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran İslam Respublikası vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən üçünün vəziyyəti normaldır, səhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir.