CƏMİYYƏT


Oğurladığı əşyaları “İnstagram”da satan şəxs saxlanıldı

Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan paytaxt sakini Səbuhi Hüseynovun evindən oğurluq edilib. Zərərçəkən ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şikayət edərək bildirib ki, evin plastik pəncərəsini sındırıb içəri daxil olan naməlum şəxs mənzildən ümumi dəyəri 1 200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda həmin qəsəbədə yaşayan daha 5 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da mənzillərindən pul və digər qiymətli əşyalar oğurlandığını bildiblər.
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Elşən İsayev qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, təkzibedilməz faktlar və mötəbər sübutlar qarşısında törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 6 evdən oğurluq etdiyini bildirib.