CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə aşkarlayıblar

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatında yoxlanılarkən monitorda şübhəli cizgilər müşahidə olunub. Nəqliyyat vasitələrinin ehtiyat hissələrindən ibarət olan həmin yük saxlanılıb və təkrar yoxlanılıb. Yoxlama zamanı sellofan torbada olan karton qutunun içərisində, iki ədəd ehtiyat hissənin hər birinin daxilindəki boşluqda 2 ədəd bağlama aşkar edilib. Həmin bağlamalarda isə ümumilikdə 2935 qram narkotik vasitə - tiryək aşkarlanıb.