CƏMİYYƏT


Külli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkəmizin gömrük ərazisinə qanunsuz yolla külli miqdarda pirotexniki vasitənin gətirilməsi barədə məlumat daxil olub. Həmin pirotexniki vasitənin Azərbaycan vətəndaşı İlqar Məmmədov tərəfindən əldə edilməsi, Bakı şəhərinin Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən “Yeni Ev” MTK yaşayış kompleksinə aid yeraltı avtomobil dayanacağında saxlanılması və daşınması bildirilib. Bu məlumat əsasında əməliyyat qrupu yaradılıb və sözügedən ünvandakı yeraltı avtomobil dayanacağına baxış keçirilib.