CƏMİYYƏT


Sərt karantin rejiminin elan edildiyi rayonlardan Qaxa istirahətə gələn 9 nəfər cərimə olunub

Qax Rayon Polis Şöbəsinin əməkdaşları sərt karantin rejiminin elan olunduğu şəhər və rayonlardan qaydaları pozaraq istirahət məqsədilə gələn şəxslərin müəyyənləşdirilməsi məqsədilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin rejiminin elan edildiyi rayonlardan istirahət məqsədilə Qaxa gəldikləri məlum olub. Şənbə və bazar günlərində ümumilikdə 9 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimələnib.