CƏMİYYƏT


Marketdə baş verən yanğının qarşısı mühafizə polisləri tərəfindən alınıb

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə qorunur. Bunu sübut edən hadisələrdən növbəti biri Binəqədi rayonunda qeydə alınıb. Belə ki, gecə saatlarında rayon ərazisində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə Həyəcan siqnalı daxil olub. Dərhal Binəqədi Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və marketin daxilində yanğın baş verdiyi müşahidə edilib. Alovun qısa zamanda böyüməsinin və ətraf ərazilərdə olan yaşayış evlərinə keçməsinin qarşısını almaq üçün dərhal polis əməkdaşları vaxt itirmədən həyatlarını təhlükə altına qoyaraq obyektin qapısını sındırıb içəri daxil olublar. Qısa zamanda yanının qarşısı polislərin səyi nəticəsində alınıb və yanğının geniş miqyasda yayılmasına imkan verilməyib.