CƏMİYYƏT


Məktəblilər ekoloji yaşam tərzini təbliğ etmək məqsədi ilə “İçərişəhər”də yürüş ediblər

“Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təşkil olunan yürüş Təhsil Nazirliyi Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Nümayəndəliyi (KOİCA), Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğunun tərəfdaşlığı ilə təşkil olunub.  Yürüşə Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəblərdə fəaliyyət göstərən ekoklubların aktiv üzvləri və tədbir qonaqları qatılıblar. Rəngarəng tədbir zamanı iştirakçılar “İçərişəhər” ərazisində olan sakin və turistlərə ekoloji yaşam tərzini təbliğ edərək, 17 Dayanıqlı İnkişaf Məqsədləri haqqında ətraflı məlumat veriblər. Qeyd edək ki, tədbir sentyabrın 20 – 27-dək 150 ölkədə keçirilən “Global Climate Strike” və BMT-nin“Climate Action Summit”  beynəlxalq həftəsinə həsr olunub. Tədbirin əsas məqsədi uşaq və gənclərin ekoloji biliklərinin artırılması, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin problemləri və mühafizəsi, 17 Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda xüsusi bacarıqların formalaşmasından ibarət olub.