CƏMİYYƏT


Bakı Şəhər Baş Polis İdarəsi: Oktay Güləliyevin avtomobillə vurulması ilə bağlı cinayət işi başlanıb

Oktyabrın 29-da saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən piyada, Bakı şəhər sakini Oktay Güləliyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub.
Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Güləliyev oradan “City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.