CƏMİYYƏT


Azərbaycana xaricdən ting idxalının qarşısı üç il ərzində yerli istehsal hesabına alınacaq

2022-ci ilədək yerli istehsal hesabına Azərbaycana xaricdən ting idxalının qarşısı alınacaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki institutlar və elmi-tədqiqat mərkəzlərinin, həmçinin tingçiliklə məşğul olan fərdi sahibkarların son illərdə bu sahədə əldə etdiyi nailiyyətlər bunu deməyə əsas verir. Yaxın gələcəkdə fermerlərin sağlam əkin materialları ilə tam təminatında heç bir çətinlik olmayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə oktyabrın 31-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu (MÇETİ) ilə birgə Qubada gənc alim və mütəxəssislər üçün təşkil etdiyi elmi-praktiki konfransda bildirilib. "Kənd təsərrüfatı işçiləri günü"nə həsr olunan tədbir “İnnovativ düşüncələrinizi reallaşdırın!” mövzusunda keçirilib.