CƏMİYYƏT


Qazax sakininin kolleksiyasında əlliyədək ölkənin 2500-dən çox pul vahidi yer alır REPORTAJ

26 ildir müxtəlif ölkələrin pul vahidlərini toplayan Qazax sakininin evi muzeyi xatırladır. Onun bu müddət ərzində yığdığı kağız və metal pullar, o cümlədən medal və yubiley nişanları görənlərin marağına səbəb olur.
AZƏRTAC xəbər verir ki, Qazax şəhər sakini Rəşad Əhmədovun əsas məqsədi yeniyetmə və gənclərə tarixə qovuşan və ya hazırda da istifadə edilən dünyanın pul vahidlərini tanıtmaqdır. Kolleksiyaçı qədim və nadir tapılan pullara üstünlük verir. Deyir ki, pul yığmağa lap kiçik yaşlarından başlayıb. Orta məktəb illərində yaşıdları əlinə düşən pulu tez xərclədiyi halda, o, valideynlərinin ona verdiyi xərclikləri yığıb saxlayıb. Elə bu gün də tarixə qovuşan qədim pulları əldə edərək, kolleksiyasını genişləndirir.