CƏMİYYƏT


Apteklərdə saxta spirtin satışını təşkil edən şəxslər tutuldu

İnsan orqanizmi üçün zərərli, sənayedə istifadə olunan spirtdən antiseptik məhlul hazırlayaq apteklərdə satışını təşkil edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi “işbazlar” tərəfindən bu məhsulun saxta və insan orqanizmi üçün olduqca mənfi təsir göstərən nümünələrinin hazırlanaraq satışa çıxarılması cəhdlərinə rast gəlinməkdədir.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq tibbi spirt adı ilə apteklərə satışa çıxarılması ilə bağlı əməliyyat məlumatları daxil olub. Bu şəxslərin ifşa olunması məqsədi ilə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri Alen Məhərrəmov və Ramil Hüseynov tutularaq istintaqa təqdim ediliblər.