CƏMİYYƏT


İsmayıllıda təməli qoyulan “DOST Evi” milli mədəniyyətimizin təbliğinə və bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcək

Prezident İlham Əliyev tərəfindən İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi bölgədə yeni iş yerlərinin yaradılmasına, məşğulluq və gəlir imkanlarının artırılmasına xidmət edəcək. Müəssisə, həmçinin milli sənətkarlıq nümunələrinin istehsalı ənənəsinin inkişaf etdirilməsinə, milli mədəniyyətin təbliğinə və bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcək.
AZƏRTAC xəbər verir ki, Muğanlı-İsmayıllı avtomobil yolunun kənarında, İsmayıllının Basqal kəndi ərazisində təməli qoyulan, 5925 kvadratmetr ərazini əhatə edəcək müəssisədə milli mədəniyyət nümunələrinin eyni məkanda istehsalı, sərgisi və satışı təşkil olunacaq.