İQTİSADİYYAT


Karantin rejimində kənd təsərrüfatında vəziyyət necədir AÇIQLAMA

Xüsusi karantin rejiminin kənd təsərrüfatına ciddi təsiri olmayıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. O bildirib ki, aprelin 4-də Nazirlər Kabinetinin qərarına əsasən kənd təsərrüfatı ilə məşğul olanların karantin dövründə hərəkət qaydasının müəyyənləşməsi fermerlərə əlverişli şərait yaradıb.

Vüqar Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri

“Bizim apardığımız müşahidələr göstərir ki, xüsusi karantin rejiminin tətbiqi fermerlərin təsərrüfata gedərək əkin, səpin, gübrə vermək, dərmanlamaq və bu kimi proseslərlə bağlı heç bir mənfi təsir göstərməyib. Məsələn, bu günə qədər ölkədə 100 min hektar sahədə pambıq əkini aparılıb, artıq şirkətlər fermerlərlə müvafiq müqavilələri imzalayıb. Müqavilələrə əsasən fermerlərin istər əkinin aparılması, aqrotexniki qulluq qaydalarının həyata keçirilməsi, toxum, gübrə və dərmanla, texnika ilə təchiz olunması şirkətlər tərəfindən təmin olunur. Ölkədə istər toxum, istər ştil, istərsə də gübrə təminatı yanvarın əvvəllərində tam şəkildə formalaşmışdı. Yəni biz mövsümə hazır idik və xüsusi karantin rejimi dövründə istər toxumun, istər gübrənin səyyar satışı həyata keçirildi, Nazirlər Kabinetinin müvafiq qərarlarında gübrə, dərman satışı məntəqələrinin fəaliyyətinə icazə verildi və bu baxımdan da fermerlər heç bir çətinlik çəkmədilər”.

Nazirlik rəsmisi bildirir ki, bu vaxta qədər sahələrdə əkini bir və ya maksimum 2 traktor apardığı üçün sosial məsafənin qorunması ilə bağlı problem yaranmayıb. Artıq kütləvi yığım dövrü başladığı üçün təsərrüfat sahibləri və işçilər xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməlidir.

Vüqar Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri

“Aprelin ortalarından başlayaraq faraş tərəvəz məhsullarının yığımı başlayıb, xüsusi ilə Beyləqan, Bərdə və Ağdam rayonlarında təzə soğanın yığımına start verilib, Cəlilabad və Şəmkirdə təzə kartofun yığımı aparılır. Burada artıq müəyyən dərəcədə kütləvilik var, məhsul yığımına cəlb olunan işçilər 20-30 nəfərə yaxın olur. Biz fermerlərə mütəmadi olaraq tövsiyə edirik ki, ara məsafə qorunsun, maskalardan və əlcəklərdən istifadə olunsun. Apardığımız müşahidələr göstərir ki, fermerlər xüsusi karantin rejimi qaydalarına tam şəkildə riayət edirlər. Biz son iki həftə ərazində bölgələrdə bununla bağlı monitoriq aparmışıq, nəticələrə əsasən deyə bilərik ki, bu baxımdan problem yoxdur”.
Kənd təsərrüfatı məhsullarının xüsusi karantin rejimi dövründə satış məqsədi ilə daşınması sərbəstdir. İstənilən fermer öz məhsulunu yerli icra hakimiyyətindən aldığı arayış əsasında Bakıya, digər böyük şəhər və rayonlara sərbəst şəkildə çatdıra bilir. Amma təsərrüfatçıların bu məsələ ilə bağlı diqqət etməli olduğu məqamlar var.

Vüqar Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri

“Kənd təsərrüfatı məhsulları orta və iri tonnajlı maşınlarla daşınmalıdır. Kiçik maşınlarla kənd təsərrüfatı məhsullarının daşınmasına icazə verilmir. Hər kəs bu maşınların arxasına bir kisə kartof, 30 yumurta qoyub satmaq adı ilə çıxsa, artıq karantin rejiminin əhəmiyyəti qalmaz. Əgər az sayda məhsul varsa, bir-neçə fermer yığılaraq həmin məhsulu bir orta tonnajlı maşına yükləyib sərbəst şəkildə bazarlara göndərə bilər”.

Nazirliyin nümayəndəsi bildirir ki, ölkədə kənd təsərrüfatı məhsulları kifayət qədərdir. Təsərrüfatçıların məhsulları həm daxili bazara çıxarılır, həm də yeni faraş meyvə-tərəvəz Rusiya, Belorusiya, Ukrayna, Polşa, Türkiyə, Qazaxıstan və digər ölkələrə ixrac olunur.