CƏMİYYƏT


Yol polisi Sabunçu rayonunda maarifləndirici tədbir keçirib

Daxili işlər orqanları ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyaları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunub.
Tədbirdə avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillərin sürücüləri barədə inzibati qaydada protokol tərtib olunub. Onlara avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah edilib. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan avtomobillərin sürücülərinə isə protokol tərtib edilmədən xəbərdarlıq olunub.