CƏMİYYƏT


Karantin rejimində saxta arayış hazırlayan və istifadə edən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq pul müqabilində satan və bununla da karantin qaydaları kobud şəkildə pozan şəxslər saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdə saxta icazə vərəqələri çap edib. O, icazə vərəqələrini 20 manat müqabilində tanışları paytaxt sakini Rahib Qurbanov və Gədəbəy rayon sakini Arzuman Abdullayevə 20 manat müqabilində satıb. Hər 3 şəxs polislər tərəfindən saxlanılıb və onlar etdikləri qanunsuz əməli etiraf ediblər.