CƏMİYYƏT


Ağdaşda qəza: ölənlər və xəsarət alanlar var

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb. AZƏRTAC xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90-AP-222 dövlət nömrə nişanlı “Nissan Altima” və 12-BE-706 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağdam rayonundan olan məcburi köçkün, Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. “Nissan Altima” markalı avtomobildə olan Ucar rayon polis şöbəsinin rəisi, polkovnik, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.