CƏMİYYƏT


Su polisi Xəzərlə gətirilən 6 kiloqramdan çox narkotik vasitə aşkarladı

Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə xüsusi əməliyyat-axtarış tədbiri keçirilib. İdarəyə daxil olan məlumat əsasında keçirilən tədbir zamanı Astara şəhər sakinləri Kamran Hüseynov və Ehtiram Hüseynov tutularaq istintaqa təqdim olunublar. Şəxsi axtarış zamanı Kamran Hüseynovun əlindəki bağlamaya baxış zamanı 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, Kamran Hüseynov İran İslam Respublikasının vətəndaşı şəxsiyyəti istintaqa məlum olmayan “Rəsul” adlı şəxslə əvvəlcədən razılığa gələrək ondan satmaq məqsədi ilə külli miqdarda narkotik vasitələr alıb. Daha sonra həmin şəxs narkotik vasitələri gizli yolla Azərbaycan ərazinə keçirərək Xəzər dənizinin sahilində Astara rayonu ərazisində əvvəlcədən müəyyən edilən yerdə gizlədib. Bundan sonra Kamran Hüseynov həmyerlisi Ehtiram Hüseynovun avtomobili ilə qeyd edilən ünvandan narkotik vasitələri götürüb uzaqlaşmaq istəyən zaman Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.