CƏMİYYƏT


Probasiya Xidmətində əfv edilmiş şəxslər elektron qolbaqdan azad edilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrasına başlayıb. Sərəncama əsasən 154 məhkum əfv olunub, onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub, 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb. Əfv olunan şəxslər arasında xarici ölkə vətəndaşları və qadınlar da var. Belə ki, Sərəncama əsasən, 8 əcnəbi vətəndaş əfv edilib. Onlardan 5-i Əfqanıstan, 2-si Türkiyə, 1-i Rusiya vətəndaşıdır.