CƏMİYYƏT


Qusarda narkotik alqı-satqısı ilə məşğul olan iki dəstənin 7 üzvü saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qusar sakini, əvvəllər dəfələrlə məhkum olunmuş “Əxi” ləqəbli 44 yaşlı Yagir Həzərov rayon ərazisində quraşdırılmış müvəqqəti stasionar postdan keçmək istəyən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Y.Həzərovun üzərinə keçirilən baxış zamanı ondan bir ədəd sellofan bükümdə heroin aşkar olunaraq götürülüb. Yagir Həzərov ifadəsində narkotik maddəni Quba rayon sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Xalid Əmirəliyevdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan X.Əmirəliyev şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə gəzdirdiyi bir bükümdə çəkisi 11,529 qram olan heroin, dörd bükümdə metamfetamin, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Keçirilmiş tədbirlərlə X.Əmirəliyevin narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Ona satış üçün bu maddələri verən Quba rayon sakini, “Baba” ləqəbli Suliddin Həsənov da tutularaq istintaqa təqdim olunub.