CƏMİYYƏT


Daşınmaz əmlakın icbari sığorta olunmamasına görə cərimə necə tətbiq ediləcək - ARAŞDIRMA

Xanım Nağıyeva, müxbir

Bu il yanvarın 1-dən daşınmaz əmlakın sığortası ilə bağlı qaydalar qüvvəyə minib. Hazırda ən çox müzakirə edilən məsələ isə cərimələrin tətbiqi mexanizmləridir. İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə görə, cərimə icbari sığorta müqaviləsinin bağlanmadığı müəyyən edildikdə tətbiq edilir. Nümunə kimi  avtomobillərin icbari sığortası müqaviləsinin olub olmaması elektron qaydada müəyyən olunur. Ona görə də daşınmaz əmlak sahibləri yalnız icbari sığortanın mövcudluğunu müəyyən etmə mexanizmi işə düşdükdən sonra verilən müəyyən vaxt ərzində müqavilə bağlamadıqda cərimə olunma ehtimalı ilə üzləşə bilərlər.

Ramil Osmanov, daşınmaz əmlak üzrə ekspert

“İlkin aylarda tam olaraq bu prosesə onlayn qaydada nəzarət etmək imkanları texniki cəhətdən mümkün olmayacaq. Yəqin ki qarşıdakı aylarda bu texniki problem aradan qalxandan sonra bu cür narahatçılıqlara ehtiyac var. Amma bu o demək deyil ki, vətəndaş buna arxayın olub gözləməlidir. Əgər bu qanun qüvvəyə minibsə, artıq bunu etmək lazımdısa, gözləmək lazım deyil ki, cərimə olunum sonra etdirərəm”.

Xanım Nağıyeva, müxbir

İnsanları maraqlandıran əsas məsələlərdən biri də sığortaya nələrin daxil olacağıdır. Daşınmaz əmlakın icbari sığortasını həyata keçirən İcbari Sığorta Bürosunun məlumatına görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Ramil Osmanov, daşınmaz əmlak üzrə ekspert

 “Bəzi insanların düşüncəsində bu var ki, evin içərisindəki əşyalar oğurlanırsa, itirsə, yanırsa, korlanırsa bunlar da sığortaya daxildirmi, xeyr. Sığortaya daxildir - daşınmaz əmlakın özü və ayrılmaz tərkib hissəsi sayılan konstruksiyaları, məsələn, şüşələr daxil olmaqla pəncərələri, qapıları, digər yanar konstruksiyaları və s. Mənzilin içərisindəki əşyalar sığorta predmeti deyil və onlara dəymiş zərərə görə sığorta ödənilmir”.

Xanım Nağıyeva, müxbir

Xatırladaq ki, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır.  Sığortadan yayınmaya görə fiziki şəxslər üçün 30 manat cərimə nəzərdə tutulub.